f ARAZ fk
<p>"Araz-Naxçıvan" 53 yaşında!</p>

"Araz-Naxçıvan" 53 yaşında!

20.04.2020 20:45

Bu gün "Araz-Naxçıvan" Peşəkar Futbol Klubunun yaradılmasından 53 il keçir. 

Komandamız haqqında "Şərq qapısı" qəzetində 2 il əvvəl dərc olunan yazını sizlərə təqdim edirik.

 

Futbol komandamızın ilk oyunundan yarım əsr keçir

Futbol, sadəcə, oyun demək deyil. Futbol, eyni zamanda bir millətin, bir xalqın, bir regionun adət-ənənələrini, mədəniyyətini, tarixi baxışını dünyaya çatdıran bir vasitədir. Futbolu idarə etmək heç də kənardan göründüyü qədər asan iş deyil. Çünki müasir futbolda deyildiyi kimi, “futbol sənayesinin nazı ilə oynamalısan”. İndi bir klub düşünün: zəngin tarixə malik, bütün ənənələri özündə cəmləşdirən, oynadığı oyunlarda daha çox “feyr-pley” qaydalarına riayət edən, “nazı ilə oynanılmağa” layiq, ən əsası isə muxtar respublikanı layiqincə təmsil edən klub... Bəli, bu, “Araz-Naxçıvan”dır. Bu gün bu qoca çinarın meydana çıxdığı ilk rəsmi oyundan 50 il ötür. Biz də yarıməsrlik şərəfli yol keçmiş bu komandanın tarixini vərəqləməyə çalışdıq. 

 

1968-ci ilin baharı

 

Xalqımızın tarix köksündə yüzilliklərdir ki, öz həzin zümzüməsi ilə çağlayan Araz çayı qədər sevilib muxtar respublikamızın futbol komandası. Ölkənin digər regionlarında komandaların formalaşması və keçmiş SSRİ-nin müəyyən etdiyi zona birinciliklərində iştirak etməsi Naxçıvan futbolunda da canlanma yaratdı. Düzdür, o zamanlar keçmiş sovetlər üçün bir komandanın adı seçilib-sayılırdı – “Spartak”(Moskva). Lakin yaşlı nəsil, həmin zamanların futbol həvəskarları söyləyirlər ki, muxtar respublikada futbol həyatı daha əvvələ dayanır. Belə ki, İkinci Dünya müharibəsindən sonra Naxçıvan şəhərinin bəzi məhəllələrində futbol yarışları keçirilər, hər komandanın özünəməxsus adı olarmış.

Bütün bunlar yeni cərəyanın yaranmasına – klubun formalaşmasına səbəb olur. Belə ki, 1967-ci ilin mart-aprel aylarında bir vaxtlar “Neftçi”nin heyətində mükəmməl oyunu ilə seçilən Tofiq Axundov Naxçıvana göndərildikdən sonra bir qrup naxçıvanlı fəalın da iştirakı ilə “Araz” futbol komandası yaradılır və seleksiya xarakterli məşqlərə start verilir. Bu zaman artıq SSRİ çempionatında futbol mövsümü başladığından komandanın çıxışı növbəti mövsümə – 1968-ci ilə saxlanılır. Və budur, 1968-ci ilin əvvəllərində SSRİ Futbol Federasiyası müəyyən etdiyi zona birinciliklərini açıqlayır və “Araz” 3-cü zonanın “B” qrupunda mübarizə aparmağa başlayır. Bu zonada (qrupda) keçmiş Sovetlər İttifaqının tərkibində olan ölkələrin 21 komandası yarışırdı ki, bunların da üçü – “Toxucu” (Mingəçevir), “Daşqın” (Zaqatala) və “Araz” (Naxçıvan) Azərbaycanı təmsil edirdilər.

 

Stadionda anşlaq

İlk oyun günü: həmin vaxt “Naxçıvan stadionu” adlandırılan (indiki Naxçıvan Muxtar Respublika Stadionu) arena uzun illər boyu futbol həsrəti çəkən azarkeşlərlə dolmuşdu. İlk dəfə olaraq stadionda anons edilir və komandamız SSRİ çempionatında ilk oyununu izləməyə gələn azarkeşlər tərəfindən alqışlanır. Ardınca Zaqatalanın “Daşqın” və Naxçıvanın “Araz” komandaları meydana daxil olur.

Maraqlı məqam odur ki, komandamız ilk oyunda meydana məhz ağ forma ilə çıxır, onun ikinci forma rəngi isə oyunun protokolunda qırmızı olaraq qeyd edilir.
Digər maraqlı məqam isə “Araz”ın yoldaşlıq görüşləri ilə bağlıdır. Belə ki, 1967-ci ildə yeni seleksiya məşqləri keçən komanda elə həmin il Sumqayıtda təşkil olunan spartakiadada iştirak edir və mükafatçılar sırasına düşür. Eyni zamanda komanda həmin ildə Bərdə və Ağdamın yerli komandaları ilə yoldaşlıq görüşü keçirir. O illəri böyük qürurla xatırlayan Hafiz Əliyev deyir: “Naxçıvanda futbol ənənələri hər zaman olub. Hələ komanda yaranmamışdan öncə məhəllələr arasında yarışlar təşkil edilirdi. Tofiq Axundov komandanı formalaşdırmağa başlayanda mənə də xəbər gəldi və məşqlərdə iştirak etmək üçün stadiona yollandım. İlk məşqdən sonra məşqçi məni komandaya qəbul etdiyini dedi. 18-19 yaşlı biri üçün bundan gözəl duyğu, sevinc ola bilməzdi. “Araz”ın heyətinə o zamanlar düşmək elə də asan deyildi. Yoldaşlıq görüşündə öncə Bərdə, sonra Ağdamda oyun keçirdik. Heç vaxt yadımdan çıxmaz, Ağdam klubunun kapitanı, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov idi”.
1968-ci il mövsümündə 40 oyunda iştirak edən “Araz” 5 qələbə və 11 heç-heçə ilə 21 xal toplayır. “B” qrupunda ardıcıl olaraq 3 mövsüm keçirən komandamızın nəticələri ürək­açan olmur. “Araz”ın əsas məqsədi isə yerli futbolçuları yetişdirmək və komandanın özəyini yalnız naxçıvanlı futbolçulardan təşkil etmək idi. Bunu Hafiz Əliyev də təsdiqləyir: “Tofiq Axundovun gözəl bir xasiyyəti var idi: yerlilərə üstünlük vermək. Hər zaman deyərdi ki, mən bura yerli futbolun inkişafı üçün gəlmişəm. Əsas heyət uğrunda daim mübarizə gedirdi, naxçıvanlı futbolçuların canla­-başla çalışdığını görən baş məşqçi hər zaman bizlərə üstünlük verərdi. İlk oyun hələ də yadımdadır, stadion tam olaraq dolmuşdu. Hətta ot örtüyünün yanında olan qaçış zolağında belə, azarkeşlər əyləşmişdi”.
Naxçıvan klubu 1977-ci ildən başlayaraq II dəstədə çıxış edir. Burada komanda artıq formalaşmış halda mübarizəyə qoşulur və doğma arenada keçirilən oyunlarda rəqiblərinə xal vermir.

 


Bir haşiyə çıxaq. 1970-ci illərdə Bakıda 250 idman meydançası və şəhərciyi salınmışdı. 1973-cü ildə burada möhtəşəm idman sarayının təməli qoyularaq inşa edildi. 1974-cü ildə ölkənin 36 rayonunda 59 Uşaq-gənclər idman məktəbi fəaliyyət göstərirdi. İdmanın digər sahələrində olduğu kimi, futbolun da inkişafında ümummilli lider Heydər Əliyevin xidmətləri böyükdür. 1974-cü ilin yayında Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin təşəbbüsü ilə respublika partiya təşkilatı fəallarının yığıncağı keçirilir və yığıncaqda Azərbaycanda bədən tərbiyəsi və idmanın vəziyyəti, onu daha da yaxşılaşdırmaq yolları müzakirə edilir. Ulu öndər Heydər Əliyevin Azərbaycan futbolunun inkişafına göstərdiyi diqqət o dövrdə bütün ölkələrə səs salır. Bir neçə il öncə Rusiyanın “Soverşenno sekretno” (“Tam məxfi”) qəzetində ümummilli lider ­Heydər Əliyevin ölkə futbolu üçün əvəzolunmaz xidmətlərindən bəhs edən yazıda da bu barədə ətraflı söhbət açılır.
Ötən əsrin 70-ci illərində “Araz” komandası böyük uğurlara imza atmağa başlayır. 1979-cu ildə komandanın “sükanı arxası”na Əhməd Ələsgərov gətirilir. Köməkçi-məşqçi funksiyası isə Hafiz Əliyevə həvalə edilir. Turnir cədvəlindəki mövqeyini itirməsinə baxmayaraq, komandamız həmin il çempionatı 6-cı pillədə başa vurur. Məhz bu uğurdan sonra keçmiş SSRİ-də “Araz” adı tez-tez hallanmağa başlayır. Baş məşqçi Əhməd Ələsgərov isə “Neftçi” komandasına aparılır. Onunla birgə Naxçıvan təmsilçisinin heyətində uğura imza atan 8 futbolçu Bakı klubuna yollanır.

Ötən əsrin 80-ci illərinin əvvəllərində elə də böyük nəticələr qazana bilməyən “Araz”, 1987-ci il istisna olmaqla, SSRİ dağılana qədər müntəzəm olaraq II dəstədə çıxışını davam etdirir. “Araz” 1987-ci ildə Azərbaycan SSR-in daxili birinciliyində mübarizə aparır və klub tarixinin ilk titulunu – çempionluğu qazanır. Bu çem­pionluq komandaya yenidən SSRİ çempionatına qayıtmağa imkan yaradır. Məhz 1988-ci ildən etibarən komanda nailiyyətlər əldə etməyə başlayır. İki il ardıcıl olaraq turnir cədvəlini 7-ci və 9-cu pillələrdə başa vuran komandamız 1990-cı ildə ikinci aşağı liqada böyük nəticə göstərir. Belə ki, Azərbaycan komandalarının qərarlaşdığı 3-cü zonanın “A” yarımqrupunda 2-ci olan “Araz” 1-12-ci yerlər uğrunda mübarizədə üçüncü olur. Komandamız bu mərhələdə yalnız “Qarabağ” və “Xəzər” (Sumqayıt) komandalarından geri qalırdı.
Yarandığı gündən etibarən Azərbaycan futboluna yeni nəfəs gətirən “Araz”ın formasını SSRİ dönəmində Vaqif Sadıqov, Oqtay Abdullayev, Novruz Əzimov, Maşallah Əhmədov, İlqar Hüseynov, Asim İbrahimov, Ceyhun Hüseynov, Böyükağa Hacıyev, Allahverdi Səfərov, İbrahim Rzayev və digər tanınmış futbolçular geyiniblər.
“Araz” SSRİ çempionatlarında 676 görüş keçirib ki, bu görüşlərin də 277-si Naxçıvan stadionunda oynanılıb. Doğma arenada 146 qələbə qazanan “Araz” 68 görüşdə meydanı “sülh”lə tərk edib. 63 görüş isə rəqiblərin qələbəsi ilə yekunlaşıb. SSRİ kuboku uğrunda isə komandamız yalnız bir görüş (“Rustavi” komandası ilə) keçirib.
Müstəqillik illərində “Araz” Azərbaycan çempionatlarında mübarizə aparıb və böyük uğurunu 2013-2014-cü illər mövsümündə əldə edib. Belə ki, komanda Azərbaycan Birinci Divizionunun qalibi olub. Hazırda “Araz-Naxçıvan” Naxçıvan Muxtar Respublika çempionatında çıxış edir və 4 mövsüm ard-arda çempionatın qalibi adını qazanıb.
Komandanın indi yalnız bir məqsədi var: yerli futbolçular yetişdirmək. Bunun üçün də uşaq futboluna böyük önəm verilir və klubun nəzdində 10, 11, 12, 13 və 14 yaşlılardan ibarət uşaq komandaları fəaliyyət göstərir. Məhz bunun nəticəsidir ki, “Araz-Naxçıvan”ın müəyyən yaş qruplarında olan, eyni zamanda əsas komandasında çıxış edən futbolçular Azərbaycanın milli komandalarına cəlb olunurlar.
Göründüyü kimi, yarandığı gündən etibarən yalnız yerli futbolçuların yetişdirilməsinə böyük diqqət ayıran klub ənənəsinə hər zaman sadiq qalıb. Bu gün muxtar respublikada uşaq, yeniyetmə və gənc futbolçular üçün yaradılan şərait, infrastruktur onların daha perspektivli inkişafına zəmin yaradıb. İnanırıq ki, 50 illik çinar bundan sonra da hər zaman muxtar respublika futbolunun inkişafına öz töhfəsini verəcək, uşaq futbolunu daim öz budaqları altında bəsləyəcək.

 

Naxçıvanda futbolun inkişafı diqqət mərkəzindədir

Bu gün muxtar respublikada idmanın digər sahələri kimi, futbolun da kütləviliyinə, inkişafına, gənclər arasında geniş yayılmasına böyük diqqət göstərilir. Bunun nəticəsi olaraq 2002-ci ildə Naxçıvan Muxtar Respublikası Futbol Federasiyası yaradılıb. Federasiya yarandığı gündən etibarən muxtar respublikanın Gənclər və İdman Nazirliyi ilə birgə razılaşdırılmış təqvim planına uyğun olaraq hər il futbol üzrə muxtar respublika çempionatı, Naxçıvan Muxtar Respublika kuboku, “Heydər Əliyev kuboku”, müxtəlif yaş qrupları üzrə yarış və turnirlər təşkil edir.

Son illər muxtar respublikada istifadəyə verilən yeni idman obyektləri sırasında futbol meydançalarını xüsusilə qeyd etmək yerinə düşərdi. Əgər 25-30 il əvvəl kənd­lərdə yeni­yetmə və gənclərin futbolla məşğul olmaları üçün stadionlar bərbad vəziyyətdə idisə, indi ən ucqar kənd­lərdə də müasirtipli stadionlar, mini­arenalar tikilərək gənclərin istifadəsinə verilib. Bu, futbola olan marağı xeyli artırıb, istedadlı gənc­lərin, futbolçuların üzə çıxmasına şərait yaradıb.
Ötən il Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu, şəhər və rayon Gənc­lər və İdman idarələrinin təşkilatçılığı ilə gənclərdən ibarət kənd komandaları arasında futbol üzrə şəhər və rayon birincilikləri keçirilib. Yarışlarda, ümumilikdə, muxtar respublikamızın 61 kəndinin futbol komandası birincilik uğrunda mübarizə aparıb. Göründüyü kimi, ötən illərlə müqayisədə indi rayon və kənd komandaları üçün hər cür geniş imkanlar yaradılıb və on­ların birinciliklərdə iştirak etmələri ­müasir futbolumuzun inkişafının göstəricisidir.


Nəticələr


21.04.2024 19:00
ƏTRAFLI

Turnir cədvəli

N klub o q h m t/f x
1 Qarabağ 30 23 3 4 83-29 72
2 Neftçi 30 13 8 9 39-30 47
3 Zirə 30 12 10 8 26-18 46
4 Sumqayıt 30 11 11 8 28-33 44
5 Sabah 30 12 7 11 42-37 43
6 Turan Tovuz 30 11 9 10 46-40 42
7 Səbail 30 10 9 11 45-49 39
8 Araz-Naxçıvan 30 8 8 14 28-42 32
9 Kəpəz 30 8 7 15 35-57 32
10 Qəbələ 30 4 4 22 21-58 16

Bombardirlər

Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 17 qol
Aleksandr Ramalinqom ("Səbail") - 12 qol
Yassin Benzia ("Qarabağ") - 11 qol

Nəriman Axundzadə ("Qarabağ") - 10 qol

REKLAM