f ARAZ fk
<p>"Araz-Naxçıvan" Şərurda</p>

"Araz-Naxçıvan" Şərurda

22.08.2019 16:51

Yeni mövsümə ciddi hazırlaşan “Araz-Naxçıvan” futbol komandası  – “qırmızı-ağlar” baş məşqçi Əsgər Abdullayevin rəhbərliyi altında Şərur Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındadır. Artıq beş gündür burada məskunlaşan komanda gündə iki dəfə olmaqla meydana çıxır. Keçirilən təlim-məşq toplanışı həm də seleksiya xarakteri daşıyır. Belə ki, əsas heyətin futbolçuları ilə yanaşı, komandaya baxışa dəvət olunan oyunçular da məşqlərdə iştirak edir. Məşqləri yaxından izləmək, komandanın hazırkı durumu barədə oxucuları məlumatlandırmaq üçün Şərur rayonuna yollandıq.

Şərur Olimpiya İdman Kompleksində yaradılan şərait hamıya məlumdur. Bu idman obyekti istənilən idman klubunu qəbul etməyə, onların təlim-məşq toplanışına ev sahibliyi etməyə hər zaman hazırdır. Elə bizi kompleksin önündə qurumun direktoru Ramil Dadaşov qarşıladı. Söhbətimiz zamanı məlum oldu ki, “Araz-Naxçıvan” futbol komandasının burada təlim-məşq keçməsi üçün hər bir şərait yaradılıb. Komanda gündə iki dəfə kompleksin nəzdində olan stadionda məşq edir. Həmçinin, futbolçular Üzgüçülük Mərkəzindən və trenajor zalından da istifadə edirlər. Gün ərzində komanda üzvlərinin öncədən müəyyənləşdirilmiş qidalanması həkim nəzarətində həyata keçirilir.

Görülən işlər, həyata keçirilən yenidənqurma tədbirləri, formalaşan mükəmməl struktur göz qabağındadır. Xüsusilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən idmanın inkişafı üçün verdiyi müvafiq tapşırıqlardan sonra muxtar respublikada bu sahədə xeyli işlər görülür. Strukturu yeni formalaşan və öz dəst-xətti ilə seçilən Futbol Federasiyası da bu qayğından bəhrələnən federasiyalardandır. Federasiyanın təşkilatçılığı ilə idman kompleksində həmçinin yeni formalaşan hakimlər üçün təlim-məşq toplanışı reallaşır. Belə ki, 6 hakimin iştirak etdiyi məşqlərdə əsas olaraq müasir qaydalar müzakirə edilir, əyani şəkildə meydançada göstərilir. Gündə iki dəfə praktiki olaraq məşq keçən ədalət təmsilçiləri günün digər saatlarında hakimliklə bağlı nəzəri dərslər də deyirlər. 10 günlük hakimlərin təlim-məşq toplanışında 10 hakim iştirak edəcək.

“Araz-Naxçıvan”ın axşam məşqinə start verilir. Əsgər Abdullayevlə söhbətə başlamamışdan öncə ilk məşqi izləyirik. Məşqi izləyərkən, məlum olur ki, komandanın üç aparıcı üzvü – Çingiz Qurbanov, Azər Cabbarov və Vüsal Əliyev zədəlidir. Ayxan Həsənov isə yüngül zədə üzündən fərdi məşq edir. Təbii ki, indi hamının daha çox maraqlandıran bir məqam var: Əsgər Abdullayevin məşq və oyun fəlsəfəsi. Hələ 5 il öncə Naxçıvan klubunda çalışan Abdullayevin xeyli ciddi və zəhmli təsir bağışladığı hamıya məlum idi. Əsgər müəllim yenə də futbolçular, məşqçi heyətilə ilə davranışda da ciddiliyini qoruyur. Həmçinin, təcrübəli məşqçinin futbolçuları ruhlandırmaq üçün işlətdiyi “Əladır” sözünü kompleksin hər bir tərəfindən eşitmək mümkündür. Bununla yanaşı, o, müdafiəçilər, yarımmüdafiəçilər və hücumçularla da ayrı-ayrılıqda işləyir, onların iştirakı ilə kombinasiyalı hücumlar qurdurur. Daha çox diqqəti cəlb edən məqam isə Abdullayevin futbolçulara təkcə topla deyil, topsuz rəftarı da öyrətməyə çalışması idi. Xüsusilə, oyunçuların sürət məşqlərində hərəkətlərini baş məşqçi diqqətlə izləyirdi. Sonda keçirilən iki tərəfli oyunu təlim-məşq toplanışında olan hakimlər briqadasının idarə etməsi də diqqətdən yayınmadı.

Məşqdən sonra futbolçular üzgüçülük mərkəzinə bərpa məşqi üçün yolandılar. Biz də fürsətdən istifadə edib Əsgər Abdullayevlə təlim-məşq toplanışı barədə danışdıq:

“Artıq 5 gündür buradayıq. Onu deyim ki, komandanın təlim-məşq toplanışı keçməsi üçün hər bir şərait yaradılıb. Ümumiyyətlə, kompleksdə yaradılan şərait nəinki futbol komandaları, həmçinin digər idman növlərində olan klubların da məşq keçməsi üçün əlverişlidir. “Araz-Naxçıvan” olaraq gündə iki dəfə məşq keçirik. Daha çox məşqlərimiz topla olur. Çalışırıq ki, futbolçular topu daha çox hiss etsinlər. Səhər məşqlərində futbolçuların fiziki göstəricilərinə üstünlük verilir. Axşam məşqlərində isə taktiki-texniki məşqlər keçirilir. Heyətimizdəki futbolçuların əksəriyyəti cavandır və onları düzgün karyera qurmaq üçün istiqamətləndirməliyik. Məşqlər zamanı futbolçuların istəkli olması baş məşqçi kimi məni də sevindirir. Ümumiyyətlə, hər zaman futbolçularla söhbət edərəkən, Naxçıvanın necə futbol ənənəsi olduğunu deyirəm. Bu diyar Azərbaycan futboluna tanınmış simalar bəxş edib. Gələcəkdə heyətimizdə olan futbolçuların ölkə birinciliklərində böyük uğur qazanacaqlarına əminəm”.

Əsgər Abdullayevin fikrincə, futbolçulara əsasən qələbə, qalib olma psixologiyasını aşılamaq lazımdır. Təlim-məşq zamanı hər bir futbolçu ilə ayrılıqda söhbət aparıram. Onun meydanda çatışmayan cəhətlərini, nə etmək lazım olduğunu deyirəm. Eyni zamanda onları məşqlərə psixoloji olaraq hazırlayırıq. Bu zaman futbolçu özündə əlavə güc hiss edir. Məşqçi hər zaman bir psixoloq kimi oyunçunun arxasında dayanmalı, ona güvənməlidir. Deyərdim ki, məşqlərimiz çox ağır keçir. Buna baxmayaraq, futbolçular verilən hər tapşırığın öhdəsindən layiqincə gəlirlər.

Növbəti məşq günü səhər saat 8-dədir. Futbolçulara ağır tapşırıqların verilməsinə baxmayaraq, onlar günü stadionda açırlar. İlk olaraq, baş məşqçi qısa olaraq futbolçulara keçiriləcək məşqin planı barədə məlumat verir. Ardınca topla məşqlərə başlanılır. Məşqdə əsas hədəf rəqib komandanın hücumlarını dəf etmək və rəqibi əks-hücumda yaxalamaqdır. Məşq zamanı Əsgər müəllimin tez-tez hücumları saxlayıb futbolçulara düzgün mövqe seçməsini söyləməsi diqqətdən yayınmır. Səhər məşqi küncdən asmalar və qapılara zərbələrlə başa çatır.

Keçirilən məşqdən sonra futbolçuların da fikirlərini öyrəndik.

Turqay İbrahimov: “Məşqlərimiz ağır keçir ki, bu da yeni mövsümə iddialı hazırlaşmağımızın göstəricisidir. Qarşıda bizi çətin oyunlar gözləyir. Həmçinin, təlim-məşq toplanışından sonra yoldaşlıq görüşlərində qüvvəmizi sınayacağıq. Həmin oyunlarda qələbə qazanıb mövsümə yaxşı başlamaq istəyirik”.

Nicat Əsgərov: “Komandamızın heyətində təcrübəli futbolçularla yanaşı, yeniyetmə oyunçular da var. Onların istəklə, böyük əzmkarlıqla məşqlərdə iştirak etməsi komandanın gücünə əlavə güc qatır. Baş məşqçimiz təcrübəli mütəxəssisdir. Bacardığımız qədər ondan nəsə öyrənməyə çalışırıq. Eyni zamanda burada bizim üçün hər bir şərait yaradılıb”.

Elvin Əsədullayev: “Uzun müddətdir ki, “Araz-Naxçıvan”ın heyətində çıxış edirəm. Cari mövsümün məşqlərinə ara vermədən davam edirik. Əla heyətimiz var. Baş məşqçimizin tapşırıqlarını daim yerinə yetirməyə çalışırıq. Yeni mövsümdə iddialı bir komanda kimi meydana çıxacağımıza inanıram”.

Sonda baş məşqçi Əsgər Abdullayev komandanın gələcək planları barədə də məlumat verdi: “Yaxşı heyət formalaşdırmışıq. Zədəli futbolçularımız qarşıdakı həftə komandaya qoşulacaq  və məşqlərimizə davam edəcəyik. Əsas hədəfimiz yerli futbolçuları yetişdirmək və onları heyətə cəlb etməkdir. Bunun üçün bizə hər bir şərait yaradılıb. Digər tərəfdən keçirəcəyimiz oyunlarda qələbə qazanmağa köklənmişik. Çünki bir komanda qələbəyə nə qədər köklənərsə, psixoloji tərəfdən hazır olarsa, mövsümün sonunda da bir o qədər uğur qazanılır. Şərur Olimpiya İdman Kompleksində bizim rahatlığımız, məşqləri vaxtında aparmağımız üçün geniş imkan var. Bu cür təlim-məşq bazasını idmançıarın ixtiyarına verdiyinə görə muxtar respublika rəhbərliyinə minnətdarlığımızı bildiririk. Eyni zamanda, hər zaman futbolçuları dəstəkləyən Gənclər və İdman Nazirliyinə, Futbol Federasiyasına təşəkkürümü bildirirəm”.


Nəticələr


29.04.2024 19:00
ƏTRAFLI

Turnir cədvəli

N klub o q h m t/f x
1 Qarabağ 31 23 4 4 85-31 73
2 Zirə 31 13 10 8 29-19 49
3 Sumqayıt 31 12 11 8 32-34 47
4 Neftçi 31 13 8 10 40-33 47
5 Sabah 31 13 7 11 44-38 46
6 Səbail 31 11 9 11 47-49 42
7 Turan Tovuz 31 11 9 11 47-44 42
8 Araz-Naxçıvan 31 8 8 15 28-44 32
9 Kəpəz 31 8 7 16 37-58 32
10 Qəbələ 31 4 5 22 23-60 17

Bombardirlər

Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 17 qol
Aleksandr Ramalinqom ("Səbail") - 13 qol
Yassin Benzia ("Qarabağ") - 12 qol

Nəriman Axundzadə ("Qarabağ") - 10 qol

REKLAM