Naxçıvanda milli idman oyunlarının qədim tarixi vardır. Güc, çeviklik və bacarıq tələb edən güləş, at çapmaq, qılınc və gürz oynatmaq, nizə və ox atmaq, üzmək, qaçmaq və s. ənənəvi idman növləri sahəsində keçirilən yarışlar hər zaman bölgədə populyar olmuş, əhali tərəfindən rəğbətlə qarşılanmışdır. Lakin Naxçıvanda professional mənada idmanın tarixi XIX əsrə təsadüf edir.
XIX əsrdə Naxçıvanda bədən tərbiyəsi və idman geniş vüsət almış, XX əsrin 20-ci illərindən başlayaraq ictimai həyatın bir hissəsinə çevrilmişdir. 1924-cü ildə yaradılmış Naxçıvan Bədən Tərbiyəsi Şurası 1930-cu ilədək futbol, yüngül atletika, cıdır, akrobatika, ağır atletika, güləş, voleybol yarışlarının və başqa idman oyunlarının təşkilatçısı olmuşdur. 1937-ci ildə ağır atletika üzrə Azərbaycan birinciliyi Naxçıvanda keçirilmişdir. Naxçıvanda bədən tərbiyəsi və idmanın inkişafında "Dinamo", "Spartak", "Burevestnik", "Məhsul" idman cəmiyyətlərinin, "Ehtiyat Əmək Qüvvələri" cəmiyyətinin (1998-ci ildən Təhsil idman mərkəzi adlanır) böyük rolu olmuşdur. 1940-cı ildə muxtar respublikada 5320 idmançı, 61 idman qurğusu mövcud olmuşdur.
1946-cı ildə Naxçıvanda idmanın 9 növünü təmsil edən 250 nəfərlik gənclər idman məktəbi, 1949-cu ildə isə Naxçıvan şəhər təhsil sistemində 10 idman növünü əhatə edən uşaq-gənclər idman məktəbi yaradılmışdır. 1950-ci ildə bədən tərbiyəsi və idmanla məşğul olanlarm sayı 15481 nəfər, bədən tərbiyəsi kadrlarının sayı 71 nəfər, idman qurğuların sayı 230-a (1 stadion, 12 idman zalı, 197 idman meydançası, 19 atıcılıq tiri, 10 uyğunlaşdırılmış zal və s.) çatmışdır.
1959-cu ildə Azərbaycan Respublikası "Məhsul" cəmiyyətinin Yunan-Roma güləşi (klassik güləş) yarışlarında Naxçıvanın komandası birinci yerə çıxmışdır. 1961-ci ildə Naxçıvan MR qadınlarının birinci spartakiadasında 1849, final yarışlarında isə 319 idmançı mübarizə aparmışdır. 1962-ci ildə Naxçıvan voleybol komandasıAzərbaycan birinciliyində ikinci yeri, futbol komandası isə üçüncü yeri qazanmışdır.
1970-80-ci ilərdə Naxçıvan MSSR-də idman kollektivlərinin və idmançıların sayı xeyli artmışdır. 1970-ci ildə idmançıların sayı 27390 nəfərə (4230-u qadın olmaqla), idman qurğularının sayı isə 322-yə (2 stadion, 21 idman zalı, 251 idman meydançası və s.) çatmışdır. Həmin ildə 12 uşaq-gənclər idman məktəbi və 1 güləş məktəbi fəaliyyət göstərirdi. 1980-ci ildə isə idmançıların sayı 32590-a yüksəlmişdir. İdmanın müxtəlif növləri üzrə məktəblilər arasında spartakiadalar, "Sevinc" futbol kuboku uğrunda yarışlar, "Şahin", "Cəsurlar" hərbi idman oyunları, "Şən startlar", "Möcüzəli dama", "Ağ top", "Pioner" çoxnövlülüyü üzrə yarışlar keçirilməsi ənənəvi şəkil almışdır. Naxçıvanın "Sevinc" futbol komandası 1973-cü ildə Zaqatala şəhərində 13-14 yaşlı uşaqlar arasmda keçirilmiş Azərbaycan yarışlarında birinci yerə, həmin ildə Daşkənddə keçirilmiş Ümumittifaq "Dəri top" birinciliyində isə ikinci yerə çıxmışdır.
1990-cı illərdən sonrakı dövr muxtar respublikanın bədən tərbiyəsi və idman tarixində mühüm mərhələ təşkil edir. 2004-cü ildə muxtar respublikada bədən tərbiyəsi və idmanla məşğul olanların sayı 30439 nəfər olmuş, idman qurğularının sayı isə 1327-yə çatdırılmışdır. 2002-ci ildə 9 idman növü üzrə federasiaya yaradılmışdır. Naxçıvan şəhərində "Dinamo" cəmiyyətinin idman kompleksi və stadionu (2001), 12000 yerlik Naxçıvam MR stadionu və inzibati binası əsaslı surətdə təmir olunmuşdur (2002). Həmçinin, muxtar respublikada İlham Əliyev adına Naxçıvan Olimpiya Kompleksi (2002), Naxçıvan süni örtüklü əl oyunları meydançası (2003) və Üzgüçülük Mərkəzi fəaliyyət göstərir.
Şərur rayon İdman-Sağlamlıq Kompleksi (2002), Süni örtüklü əl oyunları meydançası (2002), 5000 yerlik stadion (2003), Culfa şəhərində Uşaq-Gənclər idman məktəbi (2002), 500 yerlik yaşıl örtüklü stadion (2005), Uşaq-Gənclər Şahmat məktəbi (2005), Şahbuz qəsəbəsində Uşaq-Gənclər Şahmat məktəbi (2005), Sədərək rayonunda 500 yerlik yaşıl örtüklü stadion (2005) istifadəyə verilmişdir.
Naxçıvanın şahmat, sərbəst güləş, karate komandaları Azərbaycan yarışlarında, həmçinin beynəlxalq yarışlarda mükafata layiq yerlər qazanmışdır. Naxçıvan şahmat məktəbinin yetirməsi G.İsmayılov 1993-cü ildə Azərbaycan birinciliyində uğurlu nəticə qazanaraq, Avropa çempionatında iştirak edəcək Azərbaycan komandasının heyətinə daxil edilmişdir. Həmin məktəbin yetirməsi V.Babayev isə Polşada keçirilən beynəlxalq turnirdə bütün rəqiblərinə qalib gəlmişdir.
2002-ci ilin və 2003-cü ilin may aylarında şahmat üzrə beynəlxalq turnir keçirilmiş, Naxçıvan şəhər uşaq-gənclər şahmat məktəbi 1-ci yerə layiq görülmüşdür. 2003-cü il 21 iyun – iyul tarixində Naxçıvan şəhərində gənclər arasında şahmat üzrə dünya çempionatı keçirilmişdir. Dünyanın 30 ölkəsindən 77 şahmatçının iştirak etdiyi çempionatda Azərbaycanı təmsil edən 20 şahmatçıdan 2-si Naxçıvan şahmatçısı olmuşdur.
Naxçıvan güləş məktəbinin yetirməsi, sərbəst güləşçi Ə.Novruzov 2002-ci il 21-27 sentyabrda Estoniyada hərbiçilər arasında keçirilmiş çempionatda qızıl medala layiq görülmüşdür. Naxçıvan voleybolunun yetirməsi N.Qasımova 2003-cü ildən Azərbaycanın qadınlardan ibarət voleybol yığma komandasının tərkibində iştirak edir. 1998-ci ildə boks üzrə Azərbaycan çempionları İ.Kərimov və T.Seyidov Avropa çempionatında yarışmış, İ.Kərimov həm də XXVI olimpiya oyunlarında iştirak etmişdir. A.Məmmədov 1998-ci ildə kikboksinq üzrə Moskvada keçirilmiş dünya çempionatında gümüş medala layiq görülmüşdür. V.Zeynalov pauerliftinq üzrə dəfələrlə Avropa və dünya birinciliyinin qızıl medalını qazanmış, 1999-cu ildə beynəlxalq dərəcəli idman ustası adına layiq görülmüşdür. R.Bağırov 2001-ci ildə həmin növdə Avropa çempionu olmuş, Avropa rekordunu təzələmişdir. Naxçıvan boks federasiyasının yetirməsi C.Sayılov 2003-cü ildə gənclər arasında Avropa çempionu adına layiq görülmüşdür.
2003-cü ildə voleybol üzrə Azərbaycan çempionatının kişilərdən ibarət zona yarışı Naxçıvan şəhərində keçirilmişdir. 2005-ci ilin aprelində Naxçıvan şəhərində futzal üzrə Azərbaycan kubokunun final mərhələsi keçirilmiş və həmin görüşdə Naxçıvanın "Araz" komandası kubokun sahibi olmuşdur. 2006-cı il əsasən fərdi idman növlərindəki nailiyyətlərlə yadda qalmışdır. Xüsuslilə, dzü-do, sambo və taekvando üzrə keçirilən ümumrespublika yarışlarında naxçıvanlı idmançılar uğurlu nəticələr əldə etmişlər. 2007-ci ildə isə muxtar respublika idmançıları Azərbaycan, Avropa və dünya birinciliklərində 37 qızıl, 21 gümüş və 60 bürünc medal qazanmışlar. Ümumiyyətlə, Naxçıvan Muxtar Respublikasında idman hər zaman diqqət mərkəzində saxlanılan və təşviq edilən sahədir. Muxtar respublikanın idmançıları mötəbər yarışlarda müntəzəm olaraq iştirak edir və Azərbaycanın idman şərəfini layiqincə qoruyurlar.
Futbol
2013-cü il Naxçıvan idmanı ilk olaraq futbola qoyulan sərmayə ilə yadda qaldı. Uzun illər futbolsuz qalan muxtar respublikada yenidən peşəkar klub formalaşdırıldı. Təbii ki, 12 illik müddət ərzində futbolu olmayan bir regionda qısa vaxt kəsiyində bunun öhdəsindən gəlmək heç də asan məsələ deyildi. “Araz-Naxçıvan” futbol komandası yenidən “doğulduqda” bu klubun çox yaşamayacağı ölkə mətbuatının gündəmini zəbt etmişdi. Di gəl ki, qurulan düzgün struktur, adılan addımlar işi müsbət yöndə dəyişdirdi. Yay aylarında futbolçu seçiminə başlayan Naxçıvan təmsilçisinin önünə müəyyən problemli səddlər çıxdı. Əvvəlcə, komandanın I divizionda mübarizəsinə icazə verilmədi, sonradan digər klublar Naxçıvana gəlməyi bəhanə etməklə klubumuzun çempionatda çıxışını əngəlləməyə çalışdılar. Bütün çətinliklərə baxmayaraq, “Araz-Naxçıvan” sonadək mübarizə apardı və bu mərhələdə qalib gələrək çempionatda iştirak etməyə qadir oldu. Bu cür qələbə təbii ki, muxtar respublikanın idman sahəsində qazandığı ən böyük qələbələrdən biridi. Hazırda qırmızı-ağlar çempionatın turnir cədvəlinə başçılıq etməklə, nahaq yerə mübarizə aparmadıqlarını bir daha nümayiş etdirdilər.
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə bir çox muxtar respublika, ölkə daxil və beynəlxalq turnirlərin keçirilməsi 2013-cü ilə öz damğasını vurdu. Xüsusilə, may ayında Naxçıvanda təşkil edilən güləş üzrə beynəlxalq turnir buna bariz nümunədir. Adıçəkilən tədbirdə bir çox ölkənin pəhləvanları mübarizə aparsa da, sonda muxtar respublika güləşçiləri döşək üzərində öz güclərini göstərdilər. Bu beynəlxalq turnir onu göstərdi ki, Naxçıvan istənilən an reqlamentindən asılı olmayaraq istənilən turniri qəbul etməyə, ona “ev” sahibliyi etməyə qadirdir.
Qazanılan uğurlar
Məlum olduğu kimi Naxçıvan Muxtar Respublikasında 12 idman federasiyası fəaliyyət göstərir ki, onların da hamısı cari ildə bir çox idman tədbirləri keçmirməklə yadda qalıblar. Belə federasiyalardan biri də Şahmat federasiyasıdır. Zəka sahiblərimizin geridə qoyacağımız ildə qazandıqları uğurlar göz oxşayır. 2013-cü ildə federasiya mötəbər turnirlərdən birini Naxçıvanda keçirməyə müvəffəq oldu. Təbii ki, burda idman nazirliyinin də əməyini unutmaq olmaz. 21 aprel – 2 may tarixlərində Naxçıvan Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Naxçıvan Open-2013” Beynəlxalq Şahmat festivalında 60 şahmatçımız iştirak edib. Bizləri qürurlandıran odur ki, onlar 16 ölkədən 31 qrossmeyster, 13 beynəlxalq usta və 9 FİDE ustası arasında 14 mükafat qazanıblar. Bu möhtəşəm turnirlə yanaşı şahmatçılarımız Respublika Şahmat Olimpiadasında da uğurla çıxış ediblər. Ümumiyyətlə, Şahmat Federasiyasının işi bununla yekunlaşmayıb. Bir çox zəka sahibimizin 2013-cü ilin müəyyən aylarında Serbiya, İspaniya, Türkiyə, Danimarka, Gürcüstan və digər ölkələrdə qazandığı uğurlar da bu ildə Naxçıvan idmanına öz töhfəsini verdi.
Cari ilin son ayının 7-də Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının Atıcılıq Mərkəzi istifadəyə verilmişdir. Atıcılıq Mərkəzinin ərazisində oxçuluq idman növü ilə də məşğul olmaq üçün hədəflər quraşdırılmış, ox və yay alınmışdır. Ox meydançasında atışlar eyni zamanda iki xətt üzrə həyata keçirilməsi nəzərdə tutulub. Burda tir meydançası da istifadəyə verilmiş, bu məqsədlə silah alınmış, 10 və 25 metrlik məsafələrdə tirlər quraşdırılmışdır. Mərkəzdə eni 54, uzunluğu isə 93 metr olan Peyntbol meydançası yaradılmış, ikihissəli 150 yerlik tribuna inşa olunmuşdur. Tribunanın bir hissəsi peyntbol, bir hissəsi isə stend və sportinq yarışlarının izlənilməsi üçün nəzərdə tutulmuşdur. Bu möhtəşəm mərkəzin açılışında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iştirak etmişdir. Ali Məclisin Sədri açılış mərasimində bunları demişdir: “Muxtar respublikada idman federasiyaları yaradılarkən onların qarşısında gənc idmançıların yetişdirilməsi ilə yanaşı, idmanın kütləviliyinə nail olmaq da əsas vəzifə kimi qoyulmuşdur. Çünki idmanın kütləviliyinin təmin olunması fiziki cəhətdən sağlam gənc nəslin yetişdirilməsində vacib amildir. Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının fəaliyyətə başlaması və onun Atıcılıq Mərkəzinin yaradılması da bu sahədə həyata keçirilən tədbirlərin davamıdır. Mərkəzdə gənclərin atıcılıq idman növləri ilə məşğul olmaları üçün hər cür şərait vardır. Burada stend və sportinq atıcılığı ilə yanaşı, əyləncəli idman növlərinə də üstünlük verilmiş, tir, peyntbol və digər sahələr istifadəyə verilmişdir. Bu da gənclərin asudə vaxtının səmərəli təşkilinə şərait yaradacaqdır. Eyni zamanda quraşdırılan müasir avadanlıqlar mərkəzdə beynəlxalq yarışların keçirilməsinə, ərazinin düzgün seçilməsi isə təhlükəsizlik qaydalarına tam əməl edilməsinə imkan verəcəkdir. Muxtar respublikanın ümumtəhsil məktəblərinin və Heydər Əliyev adına Hərbi Liseyin Atıcılıq Federasiyası ilə əlaqələri genişləndirilməli, təlimlər təşkil edilməli, şagird və kursantlara silahdan istifadə qaydaları öyrədilməli, onların ilkin hərbi hazırlıq səviyyələrinin yüksəldilməsi diqqət mərkəzində saxlanılmalıdır. Qısa müddətdir, fəaliyyət göstərməsinə baxmayaraq, hazırda federasiyanın 300-dən artıq üzvü vardır. Atıcılıq Federasiyası bundan sonra da gənclərin bu idman növünə marağının artırılması sahəsində fəaliyyətini gücləndirməli, kütləvilik təmin olunmalıdır”.
2017 və 2018-ci illərdə keçirilən idman tədbirləri bu sahənin inkişafını bir daha sübut etdi
2017-ci il Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi üçün bir çox əlamətdar hadisələrlə – muxtar respublikada idmanın inkişafı və kütləviliyi məqsədilə 200-ə yaxın yarış, turnir təşkil etməklə uşaqların, yeniyetmə və gənclərin bu sahəyə cəlb edilməsi ilə yadda qaldı. Ötən il nazirlik muxtar respublikamızda fəaliyyət göstərən idman federasiyaları ilə birlikdə nəinki ölkəmiqyaslı yarışlarda, həmçinin beynəlxalq turnirlərdə də idmançılarımızın uğur qazanmasında müstəsna rol oynadı. İdmançılarımız il ərzində olimpiya və qeyri-olimpiya idman növləri üzrə Azərbaycan çempionatlarında, rəsmi beynəlxalq yarışlarda – dünya və Avropa çempionatları və birinciliklərində, kubok yarışlarında parlaq qələbələr qazanmaqla Naxçıvanda idmana və idmançılara olan diqqət və qayğının yüksək dərəcədə olduğunu bir daha sübut etdilər.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi 2018-ci ildə də öz işini təsdiq olunmuş İş və Tədbirlər Planına uyğun həyata keçirmiş, ötən 2018-ci il muxtar respublika üçün idman və bədən tərbiyəsi sahəsində bir çox ölkə və beynəlxalq səviyyəli tədbirlərlə, uğurlu çıxışlarla yaddaqalan olmuşdur.
2018-ci ildə Nazirlik kütləvi bədən tərbiyəsi və idman sahəsində 330 tədbir keçirmişdir ki, bunlardan 3-ü beynəlxalq, 55-i muxtar respublika, 220-si isə rayon, şəhər miqyaslı tədbirlər, yoldaşlıq görüşləri olmuşdur. Eyni zamanda Naxçıvan idmançıları respublika səviyyəli yarışlarda 105, beynəlxalq miqyaslı turnirlərdə 84, dünya səviyyəli yarışlarda 2, Avropa çempionatlarında 3, Yeniyetmələrin III Olimpiya Oyunlarında 1 medal olmaqla, ümumilikdə muxtar respublikadan kənar yarışlarda 195 medal qazanmışlar.
Ölkədaxili və beynəlxalq turnirlər
Geridə qoyduğumuz ilin ilk aylarında karateçilərimizin çıxışı 2017-ci ilin uğurlu olacağından xəbər verirdi. 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş uşaqlar, yeniyetmə və gənclər arasında karate-do üzrə klublararası beynəlxalq turnirdə tatami üzərinə çıxan idmançılarımız 5 müxtəlif əyarlı medal qazanıblar. İl ərzində idmançılarımız Gürcüstanın Tbilisi, Türkiyənin Ərzurum, Rusiyanın Krım, Ukraynanın Dnepr və İran İslam Respublikasının Urmiya şəhərlərində keçirilən beynəlxalq turnirlərdə muxtar respublikanı layiqincə təmsil ediblər. Bu uğurlu estafeti boksçularımız İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətində keçirilən beynəlxalq turnirdə davam etdirərək 5 medal qazanıblar. Bu, 2017-ci ildə dəri əlcək sahiblərimizin qazandığı yeganə uğur deyil. Belə ki, boksçularımız Bakı şəhərində gənclər arasında keçirilən Azərbaycan birinciliyində, IX “Böyük İpək Yolu” və IV İslam Həmrəylik Oyunlarında, Türkiyənin İqdır şəhərində keçirilən beynəlxalq turnirlərdə fəxri kürsünün ən yüksək zirvəsinə qalxıblar. Sərbəst güləşçilərimiz isə İranın Urmiya şəhərində komanda hesabında bu uğura imza atıblar. Bununla kifayətlənməyən Güləş Federasiyasının yetirmələri ölkəmizin müxtəlif bölgələrində keçirilən yarışlarda, həmçinin Türkiyə Respublikasının Sakarya şəhərində təşkil olunan cüdo üzrə beynəlxalq turnirdə muxtar respublika idmanını layiqincə təmsil ediblər.
2017-ci ildə şahmatçılarımız, yüngül atletlərimiz və paralimpiyaçılarımız da çıxış etdikləri turnirlərdən əliboş qayıtmayıblar. Xüsusilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Şərur rayon ağır atletika bölməsinin yetirməsi Tərminxan Babayevin 6 dəfə Avropa rekordunu təkrarlaması nəinki Avropa, hətta dünya atletikasında da böyük ajiotaj yaratdı.
Şərq Döyüş Sənəti Federasiyasını “ilin federasiyası” adlandırsaq, yanılmarıq. 2017-ci ildə bütün respublika turnir və çempionatlarında 20-dən çox müxtəlif əyarlı medal qazanan idmançılarımız beynəlxalq turnirlərdə də layiqli çıxış ediblər. Belə ki, Bakı şəhərində keçirilən tempo üzrə II Asiya çempionatında Səyyad Məmmədov, Heydər Quliyev, kikboksinq üzrə Türkdilli dövlətlər arasında beynəlxalq turnirdə Ruslan Musayev (həmçinin Macarıstanın Budapeşt şəhərində keçirilən kikboksinq üzrə dünya çempionatında), Bakı şəhərində keçirilən qarışıq döyüş növləri üzrə beynəlxalq turnirdə Fərid Məhərrəmov, Rəzzaq Əliyev, Tağı Məmmədov, Bakı Əl Oyunları Sarayında Grappling idman növü üzrə dünya çempionatında Fərid Məhərrəmov, peşəkarlar arasında universal döyüş növü üzrə beynəlxalq turnirdə isə Rəzzaq Əliyev bütün rəqiblərini üstələməyi bacarıblar.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş yarışlar
Hər il olduğu kimi, 2017-ci ildə də ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş turnirlər keçirilib. Boks, kikboksinq, güləş və digər idman növləri üzrə keçirilən bu turnir və yarışlarda beş minə yaxın idmançı mübarizə aparıb.
“Heydər Əliyev kuboku” uğrunda “Əlincəqala” tarixi abidəsinə yürüş və karate-do üzrə Naxçıvan Muxtar Respublikası açıq çempionatı ilin yaddaqalan yarışlarından olub.
Kollektiv idman növlərindən olan voleybol, basketbol, futbol və peyntbol üzrə muxtar respublika birinciliklərində 200-ə yaxın idmançı iştirak etməklə bu idman növlərinin geniş yayıldığını bir daha nümayiş etdiriblər. Həmçinin may ayı ərzində paralimpiyaçılar arasında futzal, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında kross qaçışı üzrə muxtar respublika turnirləri də təşkil edilib.
Keçirilən yerli turnirlərlə yanaşı, muxtar respublika ulu öndərin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş beynəlxalq və ölkədaxili turnirlərə də ev sahibliyi edib. Artıq ənənə halını alan “Naxçıvan – 2017” Beynəlxalq Şahmat Festivalında 9 ölkədən 302 şahmatçı mübarizə aparıb. 80 şahmatçımızın iştirak etdiyi festivalda C qrupunda 12 yaşadək şahmatçılar arasında Seyid Hüseyn qalib adını qazanıb. 3-7 may tarixlərdə İlham Əliyev adına Olimpiya-İdman Kompleksində pauerliftinq və bench-press idman növü üzrə beynəlxalq turnirdə isə 14 idmançımız böyük uğura imza atıb. Naxçıvan Muxtar Respublika Stadionunda futbol üzrə “Heydər Əliyev kuboku” turnirində mübarizə aparan “Araz-Naxçıvan” komandası üçüncü olub.
Boks üzrə yeniyetmələr arasında “Heydər Əliyev kuboku – 2017” beynəlxalq turnirdə isə 4 dəri əlcək sahibimiz mükafatçılar sırasına düşüb.
Kollektiv idman növləri
10-17 noyabr – Beynəlxalq Tələbə Gənclər Həftəsinə həsr olunmuş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən bir sıra yarışlarla yanaşı, geridə qoyduğumuz il daha bir məqamla yaddaşlara həkk olunub. 2017-ci ildə individual idman növləri ilə yanaşı, kollektiv idman növlərinin geniş yayılması və bu idman növləri üzrə daha çox turnirlərin, yarışların təşkil edilməsi diqqətdən yayınmayıb. Basketbol Federasiyası yoldaşlıq görüşləri ilə yanaşı, Gənclər və İdman Nazirliyi ilə birgə muxtar respublika birinciliyi də təşkil edib və bu birinciliklərdə, ümumilikdə, 250-yə yaxın idmançı qələbə uğrunda mübarizə aparıb. Həmçinin Voleybol Federasiyası da il ərzində 10-dan çox yoldaşlıq görüşü və yarışlar keçirməklə, bu sahənin inkişafına öz töhfəsini verib. Bəhs olunan dövrdə Atıcılıq Federasiyası da bu növün inkişafı, kütləviliyi üçün müəyyən işlər görüb. Federasiya məktəblilər arasında peyntbol üzrə Naxçıvan şəhər birinciliyi, “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə ümumtəhsil məktəblərinin şagirdləri arasında muxtar respublika üzrə zona birinciliyi təşkil edib. Bu yarışlarda 200-dən çox idmançı qüvvəsini sınayıb. Paralimpiya Federasiyası isə sağlamlıq imkanları məhdud vətəndaşların iştirakı ilə şəhər və muxtar respublika birincilikləri keçirməklə bu qəbildən olan insanlara diqqət və qayğının hər zaman nəzərdə olduğunu nümayiş etdirib. Ümumilikdə, 2017-ci ildə keçirilən kollektiv idman növlərində 2000-ə yaxın idmançı iştirak edib.
Bunlarla yanaşı, İlham Əliyev adına Olimpiya-İdman Kompleksində voleybol üzrə kişilər arasında Azərbaycan çempionatının final mərhələsi keçirilib və Naxçıvan Muxtar Respublikasının voleybol üzrə yığma komandası üçüncü yerə layiq görülüb. Bu kompleksdə sağlamlıq imkanları məhdud şəxslər arasında armrestlinq idman növü üzrə muxtar respublika birinciliyi də təşkil edilib.
Muxtar respublikada gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə gənclərdən ibarət kənd komandaları arasında futbol üzrə şəhər və rayon birincilikləri də yaddaqalan olub. Geridə qoyduğumuz ildə ilk dəfə olaraq Şərur Olimpiya-İdman Kompleksində Naxçıvan Muxtar Respublikası Şərq Döyüş Sənəti Federasiyası idmançılarının və məşqçi müəllimlərinin Bakı şəhərindən dəvət olunmuş Beynəlxalq dərəcəli hakim, yeniyetmələrdən ibarət kikboksinq üzrə yığma komandanın məşqçisi Elnur Alıyev və məşqçi köməkçisi Camal Məmmədovun iştirakı ilə təlim-məşq toplanışı təşkil olunub. İl ərzində federasiyaların idmançılar üçün Bakı şəhərindən dəvət olunmuş məşqçiləri tərəfindən seminarlar keçirilib.
Maarifləndirici tədbirlər çərçivəsində gənclərin intellektual qabiliyyətinin inkişafına yönəldilən və il ərzində mütəmadi olaraq davam etdirilən “Nuh yurdu”, “Xəmsə”, ”Kim? Nə? Hara?”, “Nə? Harada? Nə zaman? ”, “Axtar – tap ”, “Vətəni tanı”, “İntellektual gənc” kimi bilik yarışmaları da gənclər tərəfindən böyük maraqla qarşılanıb və bu tədbirlərdə yüzlərlə gənc iştirak edib. Eyni zamanda qaliblərin Bakı şəhərində keçirilən “Azərbaycan İntellektual Birincisi” layihəsinin final mərhələsində və yeniyetmələr arasında “Xəmsə” Milli İntellektual Oyununun V Azərbaycan çempionatında iştirakı təmin edilib. Komandalarımız “Nə? Harada? Nə zaman?” və “Vətəni tanı” intellektual oyunlarında III yerə layiq görülüb.
İndividual idman növləri
Kollektiv idman növlərindən fərqli olaraq müasir idmanda fərdi növlərə üstünlük verən idmançıların sayı getdikcə artmaqdadır. Bəs geridə qoyduğumuz ildə Naxçıvanda fərdi idman növləri üzrə hansı yarışlar keçirilib? Qısa xülasə...
Şərq döyüş sənəti. Bu federasiyanın cari ildə gördüyü işləri qənaətbəxş hesab etmək olar. Çünki federasiya Gənclər və İdman Nazirliyi ilə birgə bu idman növlərinin inkişafı üçün turnirlər təşkil edib, kütləviliyə nail olmaq üçün muxtar respublikanın bütün rayonlarında yarışlar keçirilib. Bu yarışlardan MMA, kikboksinq idman növləri üzrə müxtəlif respublika, Naxçıvan şəhər açıq birinciliklərini xüsusi qeyd etmək lazımdır. Geridə qoyduğumuz il ərzində federasiyanın muxtar respublikanın bir neçə kəndində bölməsi fəaliyyətə başlayıb.
Boks. Nazirliyin tədbirlər planına əsasən muxtar respublikada keçirilən boks yarışlarında, ümumilikdə, 300-dən artıq dəri əlcək sahibi iştirak edib.
Güləş. Güləş Federasiyasının 2017-ci il ərzində keçirdiyi şəhər və muxtar respublika birinciliklərində 300-dən artıq pəhləvan qüvvəsini sınayıb.
Şahmat. Ötən ili Şahmat Federasiyası üçün də uğurlu il hesab edə bilərik. 12 ay ərzində federasiya nazirliklə birgə bir çox yarışlar təşkil edib. Naxçıvan Şahmat Mərkəzində məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə Şahmat Mərkəzinin tempo turnirini, 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında şahmat üzrə muxtar respublika birinciliyini xüsusilə qeyd etməliyik.
Karate-do. Federasiya 2017-ci ildə bir çox yarışların keçirilməsinə imza atıb. Daha çox beynəlxalq turnirlərdə uğur qazanan idmançılar muxtar respublika daxilində təşkil edilən yarışlarda da qüvvələrini sınayıblar. Culfa və Şərur rayonlarında şəhər və rayon komandaları arasındakı yoldaşlıq görüşləri, Culfa rayonunda karate-do üzrə Naxçıvan şəhər və Culfa rayon komandaları arasında 8 yaş kateqoriyasında yoldaşlıq görüşü, karate-do üzrə texniki seminar keçirməsi bu idman növünün muxtar respublikanın bütün regionlarında inkişaf etdiyini bir daha göstərib.
Digər növlər. 2017-ci ildə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, demək olar ki, hər ay yarış və turnirlər təşkil etməklə gənclərin idmana axınını sürətləndirib. Geridə qoyduğumuz ildə keçirilən tir atıcılığı, atıcılığın stend növü, pauerliftinq, qızlar arasında üzgüçülük, peyntbol, velosiped yarışı, stolüstü tennis üzrə şəhər və rayon, həmçinin muxtar respublika birincilikləri idmana olan marağı daha da artırıb.
Bəhs olunan dövrdə naxçıvanlı idmançılar dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə mükafatlar qazanmaqla, idmana göstərilən diqqətin hədər yerə getmədiyini bir daha sübuta yetiriblər. Belə ki, 2017-ci il ərzində Naxçıvan idmançıları respublika səviyyəli yarışlarda 129, beynəlxalq miqyaslı turnirlərdə 89, dünya səviyyəli yarışlarda 5, Avropa çempionatlarında 1, Asiya çempionatlarında 2, Avrasiya çempionatlarında 13, IV İslam Həmrəyliyi Oyunlarında 1 medal olmaqla, ümumilikdə, muxtar respublikadan kənar yarışlarda 240 medal qazanıblar. Qeyd edək ki, bu nəticə əvvəlki ilin analoji dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
N | klub | o | q | h | m | t/f | x |
---|---|---|---|---|---|---|---|
1 | Araz-Naxçıvan PFK | 20 | 16 | 2 | 2 | 51-13 | 40 |
2 | Neftçi-2 | 19 | 13 | 1 | 5 | 42-22 | 40 |
3 | Qəbələ-2 | 20 | 11 | 4 | 5 | 39-22 | 37 |
4 | Turan Tovuz-2 | 19 | 11 | 2 | 6 | 31-18 | 35 |
5 | MOİK | 20 | 10 | 4 | 6 | 35-32 | 34 |
6 | Kəpəz-2 | 20 | 10 | 3 | 7 | 32-25 | 33 |
7 | Səbail-2 | 19 | 9 | 3 | 7 | 34-32 | 30 |
8 | Zaqatala | 19 | 7 | 4 | 8 | 31-38 | 25 |
9 | Şamaxı-2 | 19 | 7 | 3 | 9 | 24-35 | 24 |
10 | Qaradağ Lökbatan | 20 | 7 | 3 | 10 | 21-20 | 24 |
11 | Qarabağ-2 | 20 | 6 | 3 | 11 | 21-31 | 21 |
12 | İmişli FK | 20 | 6 | 1 | 13 | 17-45 | 19 |
13 | Zirə-2 | 19 | 5 | 4 | 10 | 19-30 | 19 |
14 | Mingəçevir | 19 | 4 | 3 | 12 | 24-36 | 15 |
15 | Sumqayıt-2 | 19 | 2 | 4 | 13 | 19-41 | 10 |
Orxan Əliyev ("Araz Naxçıvan") - 19 qol
İlham Allahverdiyev (MOİK) - 15 qol
Cəlal Cəbrayılov (“Zaqatala”) – 12 qol